Almaniya kansleri Fridrix Merts yaxın günlərdə vəzifəsini itirmək riski ilə üzləşə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Politico" yazıb.

Nəşrin məlumatına görə, bazar günü Meklenburq-Ön Pomeraniya və Berlin şəhərində keçiriləcək mühüm seçkilər ərəfəsində Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (XDİ) daxilində kanslerin dəyişdirilməsi məsələsi müzakirə olunur.

Bildirilir ki, partiya daxilində bəzi yüksək vəzifəli şəxslər “Kanzlertausch” – kanslerin dəyişdirilməsi variantını hökumətin reytinqinin sürətlə aşağı düşməsinin qarşısını almaq yollarından biri kimi nəzərdən keçirirlər.

"Politico"nun qeyd etdiyi sorğuya əsasən, Mertsin şəxsi populyarlıq göstəricisi 14 faizə, XDİ/Xristian Sosial İttifaqının (XSİ) dəstəyi isə 18 faizə qədər geriləyib. Eyni sorğuda sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının dəstəyi 29 faiz göstərilib.

Nəşr yazır ki, Almaniyadakı siyasi vəziyyət ölkənin Avropadakı müttəfiqləri arasında da narahatlıq yaradıb. Mertsin daxili siyasi vəziyyət səbəbindən gələn həftə BMT Baş Assambleyasına səfərini ləğv etməsi də diqqət çəkib.

"Politico" Almaniyada hakimiyyət böhranının inkişafı ilə bağlı bir neçə ssenarini nəzərdən keçirib. Bunlar arasında Mertsin partiya dəstəyinin azalması səbəbindən istefa verməsi, parlamentdə etimad səsverməsi və sağçı qüvvələrin dəstəyinə arxalanması kimi variantlar yer alıb.

Bununla belə, nəşrin qiymətləndirməsinə görə, hazırda Mertsin vəzifəsində qalmaq və siyasi liderliyini qorumaq üçün mübarizə aparması daha real ssenari kimi görünür.

Mertsin mövqeyini müdafiə edənlər arasında bir sıra federal torpaqların rəhbərləri də var. Onların çərşənbə günü yaydığı məktubda Almaniyaya “kadr müzakirələri” deyil, “etibarlılıq və qətiyyətli fəaliyyət” lazım olduğu bildirilib.