İsraildə Qəzza müharibəsi zamanı orduya məxsus bəzi anbarlardan çıxarıldığı bildirilən silah və sursatların bir hissəsinin cinayətkar qrupların əlinə keçdiyi açıqlanıb. İtkin hərbi ləvazimatlar arasında tank əleyhinə LAW raketlərinin də olduğu bildirilir. Son dövrlərdə İsraildə cinayət hadisələri zamanı hərbi silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadənin artdığı qeyd olunur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin KAN ictimai yayım şirkətinin məlumatına görə, Qəzza zolağında müharibənin davam etdiyi dövrdə İsrail ordusunun bəzi anbarlarından çıxarılan silah-sursatın bir hissəsi cinayətkar qrupların əlinə keçib.
Məlumata görə, ordunun inventarından itən və hazırda nəzarətdən kənarda qalan silahların dəqiq sayı müəyyən edilməyib. Araşdırmanı çətinləşdirən əsas məqamlardan biri isə bəzi silahların müharibə zamanı istifadə olunmuş kimi rəsmiləşdirilməsi ehtimalıdır.
KAN bu həftə ərəb əhalinin yaşadığı Sajur və Celuli şəhərlərində LAW raketlərindən istifadə edilən iki ayrı hadisənin baş verdiyini bildirib. Qeyd olunur ki, bu hadisələr, eləcə də qanunsuz silah bazarında qiymətlərin aşağı düşməsi müharibə dövründə fövqəladə vəziyyət üçün nəzərdə tutulan anbarlardan külli miqdarda silah çıxarıldığı ehtimalını gücləndirib.
İsraildə cinayət hadisələri zamanı qumbara və hərbi təyinatlı pilotsuz uçuş aparatlarından istifadənin də artdığı bildirilir. KAN-ın məlumatına görə, qumbaradan istifadə edilən cinayət hadisələrinin sayı 2023-cü ildə 75 olduğu halda, 2024-cü ildə 988-ə yüksəlib.
Bu həftə Nasirədə pilotsuz uçuş aparatı vasitəsilə qumbara atılması ilə bağlı hadisənin də qeydə alındığı açıqlanıb.
Bundan başqa, İsrail polisinin Lahav 433 bölməsinin apardığı araşdırmalar zamanı bəzi şirkətlərin saxta hesab-fakturalardan istifadə etməklə yüzlərlə yüksək yükdaşıma qabiliyyətinə malik dron aldığı müəyyən edilib. Həmin dronların hazırda harada olduğu məlum deyil. Səlahiyyətlilər onların qaçaqmalçılıq fəaliyyətlərində istifadə edilmiş ola biləcəyini istisna etmirlər.
İsrail polisi, ordu, Şin Bet və digər təhlükəsizlik qurumları hərbi silah və dronların cinayətkar qrupların əlinə keçməsi nəticəsində yaranan təhlükənin miqyasını araşdırır. Qurumlar silah və pilotsuz uçuş aparatlarının qanunsuz istifadəsinin qarşısının alınması üçün tədbirlər hazırlayır.