Qrenlandiya və Antarktidada 1979-cu ildən bu yana təxminən 12,5 trilyon ton buzun əridiyi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, “Scientific Data” jurnalında dərc olunan araşdırmada dünyanın iki böyük buz təbəqəsində ərimənin sürətləndiyi bildirilib. Məlumata görə, əriyən buzun hamısı yenidən dondurulsaydı, ABŞ-nin bütün ərazisini təxminən 1,5 metr qalınlığında buz təbəqəsi ilə örtmək mümkün olardı. Araşdırmaya əsasən, buz itkisinin təxminən beşdə dördü isti havadan deyil, daha isti suların buz təbəqələrini aşağıdan və kənarlardan əritməsindən, eləcə də buzlaqların okeanlara doğru hərəkət etməsindən qaynaqlanır. Bildirilir ki, bu proses gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi baxımından ciddi nəticələrə səbəb ola bilər.

Tədqiqatın həmmüəllifi, Kaliforniya Universitetinin İrvayn şəhərciyindən buzşünas Erik Rinyot buz təbəqələrinin sürətlə əridiyini və bunun qlobal miqyasda dəniz səviyyəsinin yüksəlməsinə səbəb olduğunu bildirib.