Boliviya meşələrində yaşayan və uzun müddət digər vəhşi pişiklərlə qarışdırılan heyvanın yeni növ olduğu müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, alimlər DNT analizləri nəticəsində bu pişiyin ayrıca növ olduğunu təsdiqləyiblər. Yeni növə Leopardus Tilcayo adı verilib.

Ev pişiyi ölçüsündə olan Tilcayo ləkəli və zolaqlı görünüşü ilə digər kiçik vəhşi pişiklərdən çətinliklə fərqlənir. Alimlərin sözlərinə görə, yeni növün dünyada təsdiqlənmiş yalnız bir nümayəndəsi məlumdur. Həmin heyvan Boliviyadakı heyvan xilasetmə mərkəzlərindən birində yaşayır.

Araşdırmanın nəticələrinə görə, Mərkəzi və Cənubi Amerikada əvvəllər hesab edildiyi kimi üç deyil, ən azı beş kiçik vəhşi pişik növü mövcuddur.

Mütəxəssislər yeni növün aşkarlanmasının onun qorunması baxımından əhəmiyyətli olduğunu bildirirlər. Alimlər hazırda bu pişiyin yayılma arealını, həyat tərzini və vəhşi təbiətdə üzləşdiyi təhlükələri araşdırırlar.

Kiçik vəhşi pişiklər meşələrin qırılması, yaşayış mühitinin itirilməsi və qanunsuz ov kimi təhlükələrlə üzləşirlər.

Araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.