Türkiyənin İzmir şəhərində heyvanlar arasında yayılan virusla bağlı ciddi tədbirlər görülüb. Berqama rayonunda maldarlıq təsərrüfatlarından birində “Mavi dil” xəstəliyinin aşkarlanmasından sonra ətraf ərazilərdə karantin rejimi tətbiq edilib.
Metbuat.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Yenikent mərkəz olmaqla 15 məhəllə 45 gün müddətinə karantinə alınıb. Bu ərazilərə giriş-çıxış məhdudlaşdırılıb, kəndlər arasında heyvan daşınmasına və icazəsiz heyvan satışına qadağa qoyulub.
Qərar bölgədə heyvandarlıqla məşğul olan sakinlər arasında narahatlıq yaradıb. Yerli fermerlər heyvanlarını başqa ərazilərə aparmaqla yanaşı, onları otlaqlara çıxarmaqda da çətinlik çəkdiklərini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, “Mavi dil” xəstəliyi əsasən qoyun, keçi və iribuynuzlu heyvanlarda rast gəlinən virus mənşəli infeksiyadır. Xəstəlik birbaşa heyvandan heyvana keçmir. Virus “tatarcık” kimi tanınan qan soran xırda həşəratların dişləməsi ilə yayılır.
Xəstəliyin əsas əlamətləri arasında ağız nahiyəsində şişkinlik, həddindən artıq ağız suyu ifrazı və topallama yer alır. Mütəxəssislər bu əlamətləri müşahidə edən heyvan sahiblərinə vaxt itirmədən baytarlıq xidmətlərinə müraciət etməyi tövsiyə edirlər.
Məlumata görə, xəstəlik insanlara keçmir. Həmçinin yoluxmuş heyvanlardan əldə edilən ət və süd məhsullarının insan sağlamlığı üçün risk yaratmadığı bildirilir.