Almaniyanın sürətlə hərbi gücünü artırması Avropada narahatlığa səbəb olub.
Metbuat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, Almaniyanın yenidən silahlanması qitədə Berlinin hərbi gücünün nə qədər artmalı olduğu ilə bağlı uzun illərdir davam edən müzakirələri yenidən gündəmə gətirib.
Bildirilir ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp və digər Qərb liderləri Almaniyanı müdafiə xərclərini artırmağa çağırırdı. Hazırda isə kansler Fridrix Merts hökuməti hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb. WSJ-nin məlumatına görə, Almaniya növbəti on il ərzində müdafiəyə 500 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.
Nəşr qeyd edir ki, Almaniyanın hərbi gücünün sürətlə artması bəzi Avropa ölkələrində qitədə qüvvələr balansının dəyişə biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Polşada xüsusilə Almaniyada sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının mövqelərinin güclənməsi fonunda narahatlıq ifadə olunur. Polşanın xarici işlər naziri Radoslav Sikorski Almaniyanın yenidən silahlanmış vəziyyətdə sağçı və Rusiyapərəst siyasi qüvvələrin nəzarətinə keçməsi ilə bağlı tarixi risklərə diqqət çəkib.
Fransada isə Almaniyanın hərbi gücünün artmasının Paris-Berlin münasibətlərində ənənəvi balansı dəyişə biləcəyi və Almaniyanın Avropanın aparıcı hərbi gücünə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.