Türkiyənin Ərzurum vilayətinin Oltu rayonuna bağlı Toprakkale kəndində yaşayan 28 yaşlı çoban İsmail Akkaş ənənəvi heyvandarlığı müasir texnologiya ilə birləşdirib. Gənc çoban sürüsünü nəzarətdə saxlamaq üçün drondan istifadə edir.
Metbuat.az xəbər verir ki, İsmail Akkaş dron vasitəsilə sürüsünü uzaqdan izləyir və heyvanların ərazidən uzaqlaşmasının qarşısını alır. Bu üsul ona həm vaxt qazanmağa, həm də işini daha rahat həyata keçirməyə imkan verir.
Akkaşın bu yanaşması kənd sakinləri və ətrafdakı insanlar tərəfindən də maraqla qarşılanıb. O, texnologiyanın çobanlıq peşəsinə daxil olmasının ənənəvi heyvandarlığı aradan qaldırmadığını, əksinə, işi asanlaşdırdığını bildirib.
Gənc çoban insanların çobanlıq peşəsi ilə bağlı təsəvvürlərinin də dəyişməli olduğunu deyib. Onun sözlərinə görə, bu gün çobanlar yalnız sürünün arxasınca gedən və tütək çalan insanlar deyil. Müasir texnologiyalardan istifadə etməklə heyvandarlığı daha səmərəli şəkildə həyata keçirmək mümkündür.
Akkaşın drondan istifadə etməsi sosial mediada da maraq doğurub. Onun müasir texnologiya ilə sürüsünə nəzarət etməsi ənənəvi kənd təsərrüfatında yeni imkanların ortaya çıxdığını göstərir.