İstanbul Boğazının Kanlıca sahilində yerləşən, şəhərin tarixi tikililərindən biri sayılan Yağcı Hacı Şefik Bey malikanəsi satışa çıxarılıb. 55 milyon dollar qiymət qoyulan məşhur mülkə gözlənilməz alıcıdan təklif gəlib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, malikanənin potensial alıcısı ABŞ-da yaşayan iş adamı Hamdi Ulukaya olub. 11,3 milyard dollar sərvəti ilə dünyanın ən zəngin türklərindən biri kimi göstərilən Ulukayanın mülk üçün 30 milyon dollar təklif etdiyi bildirilir.
Məlumata görə, malikanə uzun illər Faruk Yalçının yaşadığı mülk olub. Onun 2008-ci ildə vəfat etməsindən sonra yalı varislərinə qalıb. Mülkün satışqiyməti əvvəlcə 70 milyon dollardan elan edilsə də, alıcı tapılmadığı üçün qiymət 55 milyon dollara endirilib.
ABŞ-də yaşayan Hamdi Ulukayanın İstanbulda daha çox vaxt keçirməyi planlaşdırdığı və bu səbəbdən şəhərdə ev axtardığı qeyd olunur. İş adamının Yağcı Hacı Şefik Bey Yalısına baxış keçirdiyi, mülkü bəyəndikdən sonra isə rəsmi təklif verdiyi bildirilir.
Ulukayanın 55 milyon dollar tələb olunan mülk üçün 30 milyon dollar təklif etməsi tərəflər arasında 25 milyon dollarlıq qiymət fərqi yaradıb. Yalının sahiblərinin bu təklifi qəbul edib-etməyəcəyi isə hələlik məlum deyil.