Bu gün dünyada Beynəlxalq Sülh Günü qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə təsis edilən bu gün bütün ölkələr və xalqlar arasında sülh ideyalarının təşviqinə, münaqişələrin və zorakılığın qarşısının alınmasına diqqət çəkmək məqsədi daşıyır.

Metbuat.az xatırladır ki, Beynəlxalq Sülh Günü ilk dəfə 1981-ci ildə Baş Assambleyanın 36/67 saylı qətnaməsi ilə təsis edilib. Həmin qərara əsasən, Sülh Gününün hər il sentyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunması nəzərdə tutulurdu. 2001-ci ildə isə Baş Assambleya 55/282 saylı qətnaməni qəbul edərək tarixi sentyabrın 21-i olaraq müəyyənləşdirib. 2002-ci ildən etibarən bu tarix bütün dünyada atəşkəs və zorakılıqdan imtina günü kimi qeyd olunur.

Sülh bir çox insan üçün gündəlik həyatın təbii və ayrılmaz hissəsidir. İnsanların təhlükəsiz şəkildə küçələrdə hərəkət etməsi, uşaqların məktəbə getməsi, cəmiyyətlərin sabit şəraitdə inkişaf etməsi sülhün yaratdığı imkanlardan yalnız bir neçəsidir. Lakin dünyanın müxtəlif bölgələrində milyonlarla insan üçün təhlükəsizlik və sabitlik hələ də arzu olaraq qalır.

BMT-nin yanaşmasına görə, davamlı sülh yalnız silahlı qarşıdurmaların dayandırılması ilə məhdudlaşmır. Ədalətli və inklüziv cəmiyyətlərin qurulması, insanların hüquq və imkanlarının qorunması, ayrı-seçkiliyə yol verilməməsi də dayanıqlı sülhün əsas şərtləri sırasındadır.

Son illərdə dünyada baş verən müharibələr, terror aktları, iğtişaşlar, sosial və siyasi qarşıdurmalar, eləcə də iqlim böhranı və qlobal pandemiyalar sülh və həmrəyliyin əhəmiyyətini bir daha gündəmə gətirib. COVID-19 pandemiyası da ayrı-seçkilik və nifrətin qarşısının alınması, insanların bir-birinə dəstək göstərməsi və daha ədalətli cəmiyyətlərin formalaşdırılmasının vacibliyini nümayiş etdirib.

Beynəlxalq Sülh Günü münasibətilə dünyanın müxtəlif ölkələrində ictimai, humanitar və maarifləndirici tədbirlər təşkil olunur. BMT isə bu tarixdən sülhün əhəmiyyəti barədə məlumatlılığın artırılması və insanların sülhün təşviqinə töhfə verməyə çağırılması üçün istifadə edir.

Ənənəvi olaraq BMT-nin Sülh Gününə həsr olunan tədbirləri təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında Sülh Zəngi qarşısında keçirilən mərasimlə başlayır. Tədbir zamanı BMT-nin Baş katibi müraciət edir və Sülh Zəngini çalır. Daha sonra bir dəqiqəlik sükut elan olunur və BMT Təhlükəsizlik Şurasının sədri çıxış edir.

Hər il Beynəlxalq Sülh Gününə ayrıca mövzu seçilir. 2026-cı ilin şüarı “Sülhə sərmayə qoyun - hər kəs üçün, hər yerdə, hər gün”dür.

Beynəlxalq Sülh Günü dünya ictimaiyyətinə sülhün yalnız münaqişələrin olmadığı vəziyyət deyil, həm də ədalət, bərabərlik, təhlükəsizlik və qarşılıqlı hörmət üzərində qurulan davamlı bir mühit olduğunu xatırladır.