Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub.
Metbuat.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Həmçinin ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Qeyd edək ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 24 ailə (148 nəfər) köçürülüb.