İsveçrə prezidenti Qay Parmelin ilin sonunda ölkənin Federal Şurasındakı vəzifəsini tərk edəcək.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 66 yaşlı Parmelin bu barədə oktyabrın 2-də Bern şəhərində keçirdiyi mətbuat konfransında açıqlama verib. O, dekabrın 31-də Federal Şuradakı vəzifəsindən istefa verəcəyini bildirib.
Parmelin qərarını həmkarlarına Federal Şuranın həftəlik iclası zamanı çatdırıb. O qeyd edib ki, hökumətdə 11 il fəaliyyət göstərdikdən sonra yeni qüvvələrə yol açmağın vaxtı çatıb.
İsveçrə prezidenti qərarının səhhəti ilə bağlı olmadığını xüsusi vurğulayıb. O bildirib ki, yay tətili zamanı gələcək fəaliyyəti barədə düşünüb və ilin sonunda vəzifədən ayrılmağın ən uyğun qərar olduğu qənaətinə gəlib.
Qay Parmelin 2015-ci ilin dekabrında İsveçrə Federal Şurasına seçilib. O, 2016-cı ildən Müdafiə Departamentinə rəhbərlik edib. 2019-cu ildən isə İqtisadiyyat, Təhsil və Araşdırmalar Departamentinin rəhbəridir.
İsveçrədə prezidentlik müddəti bir ildir və bu vəzifə Federal Şuranın yeddi üzvü arasında növbə ilə həyata keçirilir. Parmelin 2021-ci ildə də ölkə prezidenti olub, 2026-cı ildə isə ikinci dəfə bu vəzifəyə seçilib.
Parmelinin Federal Şuradakı yerinə yeni şəxsin seçilməsi üçün proses artıq başlayıb. Onun mənsub olduğu İsveçrə Xalq Partiyası namizədlərin irəli sürülməsi üçün oktyabrın 23-dək vaxt müəyyənləşdirib. Yeni federal müşavirin seçkisinin dekabrın 9-da parlamentdə keçirilməsi gözlənilir.
İsveçrə 2027-ci ildə rəhbərliyi isə hazırda Federal Şuranın vitse-prezidenti olan İqnatsio Kassis həyata keçirəcək.