“Real Madrid” və “Barselona” “Negreyra işi” ilə bağlı açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, “Real Madrid” UEFA-ya təqdim etdiyi şikayətin hakimlik sisteminə və oyunların dürüstlüyünə təsir edə biləcək ciddi məsələlərlə bağlı sənəd və sübutları ehtiva etdiyini bildirib. Klub qeyd edib ki, UEFA “Barselona”nın son 20 il ərzində Hakimlər Texniki Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikez Negreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanın davam etdiyini təsdiqləyib. “Real Madrid” “Barselona”nın 2001-2018-ci illərdə əldə etdiyi titulların ləğv edilməsini tələb edir.
“Barselona” isə UEFA-nın klubla bağlı yeni araşdırma başlatmadığını açıqlayıb. Klubdan bildirilib ki, proses 2023-cü ildə iki müfəttişin təyin olunması ilə başlayıb və həmin vaxtdan müvafiq prosedurlar davam etdirilib. Qeyd olunub ki, araşdırma heç vaxt bağlanmadığı üçün yenidən açılması da mümkün deyil.
Xatırladaq ki, İspaniyada aparılan araşdırmalar zamanı “Barselona”nın 2001-2018-ci illərdə Negreyranın sahibi olduğu şirkətə ümumilikdə 7,3 milyon avro ödədiyi üzə çıxmışdı. Barselona ilə yanaşı, keçmiş prezidentlər Xose Mariya Bartomeu və Sandro Rosell, eləcə də iki keçmiş klub rəsmisi barəsində də araşdırma aparılıb.