Lionel Messi karyerasında ikinci dəfə futbol klubuna sahib olub.

Metbuat.az xəbər verir ki, İspaniyanın La Liqa 2-də mübarizə aparan “CD Eldense” klubunun argentinalı futbolçu tərəfindən satın alındığı açıqlanıb. 1921-ci ildə yaradılan klub yeni mərhələyə keçdiyini və peşəkar futbolda qalıcı olmağı hədəflədiyini bildirib.

Qeyd edək ki, “CD Eldense” hazırda İspaniya 2-ci Liqasında 5 xalla 19-cu pillədə qərarlaşıb. Messi daha əvvəl İspaniyanın aşağı liqa təmsilçilərindən “UE Cornella” klubunun səhmlərinin 100 faizini satın alıb. Bununla da “CD Eldense” argentinalı ulduzun bütün səhmlərinə sahib olduğu ikinci klub olub.

Qeyd edək ki, Lionel Messi dostu Luis Suaresin Uruqvayda yaratdığı “Deportivo LSM” klubuna da sərmayə yatırıb.