Türkiyə futbolunda aparılan mərc araşdırmaları və hakimlərlə bağlı istintaq UEFA-nı hərəkətə keçirib.

Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu, Super Liqa hakimi Yasin Kol və bir sıra şübhəlilərin saxlanılması, həmçinin 448 klub rəhbərinin mərc oynadıqları iddiası ilə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilməsi qurumda narahatlıq yaradıb. Jurnalist Fatih Doğanın məlumatına görə, UEFA Türkiyə futbolunda baş verənləri araşdırmaq üçün ölkəyə müşahidəçi göndərməyə hazırlaşır. İstintaq çərçivəsində əldə edilən yazışmalarda bəzi hakimlərə güzəşt edilməsi və hakim təyinatlarına müdaxilə ilə bağlı iddiaların yer aldığı bildirilir.

Bundan əlavə, araşdırma çərçivəsində şahid qismində ifadə verən keçmiş hakim Deniz Ateş Bitnel MHK-nın hakim təyinatları ilə bağlı səlahiyyətlərini itirdiyini bildirib. O, araşdırmalarla əlaqədar liqaların təxirə salına biləcəyini və yeni şübhəlilərin saxlanıla biləcəyini irəli sürüb.