“Qalatasaray”da futbolçuların məşqdənkənar fəaliyyətləri ilə bağlı diqqətçəkən qərar qəbul edilib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı komandanın futbolçularına kikboksla məşğul olmamaq tövsiyə edilib. Buna səbəb mümkün zədələrin qarşısını almaqdır.
Məlumata görə, klubun texniki heyəti və səhiyyə qrupu kikboks zamanı alınan zərbələrin futbolçuların zədə riskini artıra biləcəyini nəzərə alıb. Bundan sonra oyunçulardan məşqdənkənar əlavə məşqlər və fəaliyyətlər barədə texniki heyəti və səhiyyə qrupunu məlumatlandırmaları istənilir.
Qərarın konkret olaraq hər hansı bir futbolçu ilə bağlı olmadığı, komandada bir neçə oyunçunun kikboksla məşğul olduğu bildirilir.
“Qalatasaray”ın klub həkimi Yener İnce isə məsələ ilə bağlı açıqlamasında bunun rəsmi qadağa olmadığını, futbolçulara verilən tövsiyə xarakterli qərar olduğunu bildirib.