“Mançester Siti”nin Premyer Liqadakı maliyyə qalmaqalı ilə bağlı mümkün cəza gündəmdədir.
Metbuat.az xəbər verir ki, müstəqil komissiyanın klubu aşağı liqaya göndərməyi təklif etməsi halında belə qərarın digər klublar tərəfindən səsə qoyulması gözlənilir.
“Sky Sports News” müxbiri Rob Dorsettin məlumatına görə, Premyer Liqada adı açıqlanmayan iki yüksək vəzifəli klub rəhbəri 15 komandanın “Mançester Siti”nin liqada qalmasını istədiyini irəli sürüb. Buna səbəb klubun liqadan çıxarılmasının digər komandaların kommersiya gəlirlərinə ciddi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqdır.
Məlumata görə, bir sıra klublar “Mançester Siti”ni Premyer Liqanın həm İngiltərədə, həm də dünya miqyasında kommersiya cəlbediciliyinin mühüm hissəsi hesab edir. Klubun liqadan uzaqlaşdırılması halında oyunların sayının azalması səbəbindən yayımçılar ödənişlərin bir hissəsinin geri qaytarılmasını tələb edə bilər.
Bununla yanaşı, bəzi tərəflər maliyyə pozuntularına görə klubun ciddi şəkildə cəzalandırılmasının Premyer Liqanın nüfuzunun və idman etibarının qorunması baxımından vacib olduğunu düşünür. Müstəqil komissiyanın mümkün cəzaları arasında aşağı liqaya göndərilmə ilə yanaşı digər sanksiyalar da müzakirə olunur.