ABŞ İran nümayəndə heyətindən ölkəni tərk etməyi tələb edib.

Metbuat.az xəbər verir ki, ABŞ ilə İran arasında diplomatik danışıqların dayanması gərginliyi artırıb. Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun göstərişi ilə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olan İran nümayəndə heyətindən ölkəni dərhal tərk etməsi tələb olunub. “Axios” nəşrinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Nyu-Yorkdan Dohaya yola düşüb.

ABŞ rəsmilərindən biri isə bu addımın Baş Assambleyanın işinin başa çatması ilə əlaqədar olduğunu bildirib. Digər mənbələr isə Əraqçinin onsuz da Tehrana qayıtmağı planlaşdırdığını qeyd ediblər. Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda əsas müzakirə mövzuları Hörmüz boğazının açılması, münaqişənin başa çatdırılması və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası olub. Lakin tərəflər arasında irəliləyiş əldə edilməyib.

İranın BMT-dəki nümayəndə heyəti isə ölkədən qovulması barədə məlumatları təkzib edib. Nümayəndəlik ABŞ Dövlət Departamentinə əvvəlcədən bildirilmiş səfər cədvəlinə uyğun olaraq Nyu-Yorkdan ayrıldıqlarını açıqlayıb.