Türkiyədə keçmiş Ailə və Sosial Siyasətlər naziri və AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya ilə bağlı qalmaqal böyüyür.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kaya və həyat yoldaşı İlyas Kayanın Özata Denizcilik səhmləri ilə bağlı böyük məbləğdə qazanc əldə etdikləri iddia olunub. YENİ Partinin sözçüsü Zeynel Emre cütlüyün ümumilikdə 163 milyon 46 min lirə yatıraraq təxminən 2,17 milyard lirə əldə etdiyini irəli sürüb.

İddiaların gündəmə gəlməsindən sonra Fatma Betül Sayan Kaya AKP-dəki bütün vəzifələrindən istefa verib. Ardınca onun adı partiyanın rəsmi internet saytında görünməyib. Həmçinin Kayanın MKYK üzvlərinin olduğu “WhatsApp” qrupundan çıxarıldığı bildirilib.

Bununla yanaşı, İstanbul Baş Prokurorluğu Kaya və həyat yoldaşının bütün əmlaklarının dondurulması ilə bağlı aidiyyəti qurumlara yazı göndərib.

Qalmaqalla bağlı son olaraq isə Kaya və həyat yoldaşının təxminən 2,2 milyard lirəni Xəzinə və Maliyyə Nazirliyinin bildirdiyi hesaba qaytardığı barədə məlumat yayılıb. Bu məlumat da hələlik media mənbələrinə istinadən yayılan iddia kimi təqdim olunur.