Türkiyədə Mersin Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib. Əməliyyat zamanı Mersin Böyükşəhər Bələdiyyəsinin və Türkiyə Bələdiyyələr Birliyinin sədri Vahap Seçer də saxlanılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin Respublika Baş Prokurorluğunun apardığı korrupsiya araşdırması çərçivəsində Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncerin də aralarında olduğu 59 şübhəli barəsində saxlanılma qərarı verilib.
Polis əməkdaşları səhər saatlarında şübhəlilərin evlərində və bəzi ünvanlarda axtarış aparıb. Mersin Böyükşəhər Bələdiyyəsində aparılan araşdırma zamanı 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min türk lirəsi məbləğində dövlətə zərər dəydiyinin müəyyən edildiyi bildirilib.
Yenişehir və Mezitli bələdiyyələri ilə bağlı araşdırmalarda da dövlətə zərər dəydiyi ilə bağlı iddialar irəli sürülüb. Mezitli Bələdiyyəsində bu məbləğin 1 milyard 10 milyon 914 min, Yenişehir Bələdiyyəsində isə 105 milyon türk lirəsi olduğu bildirilib.
Araşdırma ilə bağlı hüquqi prosesin davam etdiyi qeyd olunur.