Alimləri narahat edən yoluxucu xəstəliklə bağlı yeni məlumatlar narahatlıq doğurub. Xəstəliyin yaxın təmas yolu ilə insandan-insana keçə bildiyi və ilkin əlamətlərin bir neçə gün sonra ortaya çıxdığı bildirilir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, söhbət mpoksdan (meymun çiçəyi) gedir. Mütəxəssislərin sözlərinə görə, xəstəlik əsasən yaxın və uzunmüddətli təmas nəticəsində yayılır. Xüsusilə xəstənin səpgiləri ilə birbaşa təmas yoluxma riskini artırır.
Xəstəliyin inkubasiya dövründən sonra hərarət, boğaz ağrısı, halsızlıq və baş ağrısı kimi əlamətlər meydana çıxa bilər. Daha sonra dəridə səpgilər yaranır. Bu səpgilər əvvəlcə kiçik ləkələr şəklində başlayır, sonrakı mərhələlərdə içi maye ilə dolu qabarcıqlara çevrilir.
Mütəxəssislər xəstə şəxslərlə yaxın təmasdan çəkinməyi və şəxsi əşyaların paylaşılmamasını tövsiyə edirlər. Xəstəliyin əlamətləri müşahidə olunan şəxslərin isə həkimə müraciət etməsi vacib sayılır.