Yeşilçamın unudulmaz aktrisalarından Gülşen Bubikoğlu sosial media paylaşımı ilə yenidən gündəmə gəlib. 1954-cü il təvəllüdlü məşhur aktrisanın Bodrumdan paylaşdığı son fotosu izləyicilərin diqqətini çəkib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan Gülşen Bubikoğlu isti havanın davam etməsindən zövq aldığını bildirib. Aktrisa paylaşdığı fotoya “Hava harika, yaz uzatmalarda” qeydini əlavə edib.

Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb. Lakin fotodakı filtr də sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. Bəzi izləyicilər görüntüdə filtrdən həddindən artıq istifadə edildiyini bildiriblər.

“Ah Nerede”, “Gırgıriye”, “Alev Alev”, “Yaz Bekarı” və “Canikom” kimi filmlərlə tanınan Gülşen Bubikoğlu 50-dən çox layihədə rol alıb. Aktrisa son illərdə daha çox gözlərdən uzaq həyat sürür.

Gülşen Bubikoğlu 1974-cü ildə prodüser və rejissor Türker İnanoğlu ilə ailə həyatı qurub. İnanoğlu 2024-cü ildə vəfat edib. Bundan sonra aktrisa ictimaiyyət qarşısında daha az görünməyə başlayıb.