Rus turistlərin xaricdə istirahət üçün ən çox üstünlük verdiyi ölkə Türkiyə olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Federal Statistika Xidməti (Rosstat) Dünya Turizm Günü ilə bağlı ölkə vətəndaşlarının xaricə turistik səfərləri üzrə məlumatları açıqlayıb.
Məlumata görə, 2025-ci ildə Rusiyanın turizm şirkətləri vasitəsilə Türkiyəyə 3 milyon 713 min nəfər səfər edib. Bu göstərici ilə Türkiyə rusiyalı turistlərin ən çox üz tutduğu xarici ölkə olub.
Siyahıda ikinci yerdə Misir qərarlaşıb. Bu ölkəyə 1 milyon 960 min rusiyalı turist gedib. Birləşmiş Ərəb Əmirlikləri isə təxminən 1 milyon 160 min turistlə üçüncü olub.
Rus turistlərin digər əsas istiqamətləri arasında Tailand, Çin, Abxaziya və Vyetnam da yer alıb. 2025-ci ildə Tailandı 914 min 200, Çini 509 min, Abxaziyanı 419 min, Vyetnamı isə 380 min 800 Rusiya vətəndaşı ziyarət edib.
Məlumatda Maldiv adaları, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr və Şri-Lanka da rusiyalıların seçdiyi istiqamətlər sırasında göstərilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ildə də rusiyalı turistlərin ən çox səfər etdiyi ölkə olub.