İtaliya A Seriyasında çıxış edən “İnter” türk ulduz Hakan Çalhanoğlunun müqaviləsini yeniləmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, İtaliya klubu müqaviləsi başa çatacaq futbolçularla bağlı prioritetlərini müəyyənləşdirib. Hakan Çalhanoğlu da “İnter”in yeni müqavilə təklif etmək istədiyi futbolçular arasında yer alıb.
Bildirilir ki, 32 yaşlı yarımmüdafiəçiyə yaxın müddətdə rəsmi yeni müqavilə təklif olunacaq.
Hakan Çalhanoğlu hazırkı müqaviləsinə əsasən “İnter”dən illik 6,5 milyon avro qazanır. Klubun yeni müqavilədə futbolçuya daha aşağı məbləğ təklif edəcəyi bildirilir.
Bununla belə, bonuslar hesabına Hakanın ümumi qazancının hazırkı müqaviləsindəki 6,5 milyon avro səviyyəsinə çatmasının mümkün olduğu qeyd edilir.
2021-ci ildən “İnter”in formasını geyinən Hakan Çalhanoğlu İtaliya klubunda 216 oyuna çıxıb. Milli futbolçu bu görüşlərdə 52 qol vurub və 39 məhsuldar ötürmə edib.
Hakan Çalhanoğlunun adı son günlər “Fənərbağça” və “Qalatasaray”la da hallanır. Sentyabrın sonunda yayılan xəbərlərdə “Fənərbağça”nın futbolçu üçün yanvar ayında təklif hazırladığı, “Qalatasaray” və “Yuventus”un da onunla maraqlandığı bildirilmişdi.