Yeni Azərbaycan Partiyasının bu gün Heydər Əliyev Mərkəzində keçirilən VIII qurultayında təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri ilə yanaşı, Azərbaycanın yeni siyasi və geosiyasi reallıqları da gündəmə gəlib. Qurultayın ölkənin tam suverenliyinin bərpasından sonrakı mərhələdə keçirilməsi onun siyasi məzmununa xüsusi əhəmiyyət qazandırır.
Politoloq Tural İsmayılov qurultayın siyasi əhəmiyyətini Metbuat.az-a şərh edib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışını yalnız Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərinə dair nitq kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, çıxış Azərbaycanın postmünaqişə və tam suverenlik mərhələsində dövlət siyasətinin əsas konturlarını əks etdirən siyasi mesajlar toplusu kimi dəyərləndirilməlidir:
“Cənab Prezidentin çıxışının mühüm xüsusiyyətlərindən biri 2021-ci ildə keçirilmiş VII qurultayla müqayisədə Azərbaycanın dəyişən geosiyasi və tarixi reallığının xüsusi vurğulanmasıdır. Prezidentin özünün də qeyd etdiyi kimi, bu, YAP tarixində suverenliyin tam bərpasından sonra keçirilən ilk qurultaydır. Azərbaycan siyasətində uzun illər əsas milli məqsədlərdən biri ərazi bütövlüyünün bərpası olub. Artıq bu məqsəd dövlətin qarşısında əvvəlki formada dayanmır.
2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağda suverenliyin tam təmin olunması ilə dövlət siyasətinin bir mərhələsi başa çatıb. Yeni mərhələdə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, dövlət institutlarının gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və Azərbaycanın qazandığı geosiyasi çəkisinin uzunmüddətli dövlət strategiyasına çevrilməsidir”.

Fotoda: politoloq Tural İsmayılov
Tural İsmayılov Prezidentin çıxışında “ana xətt” kimi təqdim edilən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə məsələlərinə də diqqət çəkib. Politoloq vurğulayıb ki, burada dövlət siyasətinin davamlılığı ilə taktiki dəyişikliklər bir-birindən ayrılır. Onun sözlərinə görə, dəyişən regional və beynəlxalq şəraitə uyğun olaraq konkret vasitələr və taktiki məqsədlər yenilənə bilər. Lakin dövlət müstəqilliyi və milli maraqlar üzərində qurulan əsas siyasi istiqamət dəyişmir:
“Prezident Azərbaycanın artıq bir sıra ekspert və analitiklər tərəfindən “orta güc dövləti” kateqoriyasında nəzərdən keçirildiyini bildirib və bunu iqtisadi müstəqillik, beynəlxalq mövqelər və milli qərarvermə imkanları ilə əlaqələndirib. Bu yanaşma Azərbaycanın xarici siyasətində son illərdə baş verən transformasiyanın siyasi ifadəsidir. Bakı artıq özünü yalnız regional proseslərin iştirakçısı kimi deyil, müxtəlif coğrafiyalarda siyasi, iqtisadi, enerji və təhlükəsizlik gündəliyinə təsir göstərə bilən dövlət kimi təqdim edir.
Hərbi güc məsələsinin Prezidentin çıxışında ayrıca vurğulanması da təsadüfi deyil. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası hərbi-siyasi imkanların dövlət strategiyasındakı rolunu daha aydın göstərib. Əldə edilmiş nəticələrin qorunması üçün güclü ordu dövlət müstəqilliyinin əsas dayaqlarından biri olaraq qalır. Bu yanaşma təhlükəsizlik məsələsini yalnız müharibə şəraiti ilə deyil, dövlətin uzunmüddətli strateji dayanıqlılığı ilə əlaqələndirir”.
Tural İsmayılov partiyanın siyasi fəaliyyətinin Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələləri ilə paralel inkişaf etdiyini bildirib. Qeyd edib ki, 2021-ci ildə keçirilən VII qurultay partiyanın struktur və fəaliyyət modelində yenilənmə mərhələsi yaradıbsa, VIII qurultay artıq tam suveren Azərbaycan şəraitində partiyanın qarşıdakı dövr üçün siyasi və təşkilati xəttinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır:
“VIII qurultayın əsas fərqi də məhz burada ortaya çıxır. YAP artıq yalnız Qarabağ münaqişəsinin davam etdiyi siyasi şəraitdə fəaliyyət göstərən hakim siyasi təşkilat kimi deyil, Azərbaycanın yeni – tam suverenlik, Böyük Qayıdış, iqtisadi şaxələndirmə və artan beynəlxalq rol mərhələsində siyasi dayaqlarından biri kimi fəaliyyətini qurmalıdır.
Bu baxımdan qurultay yalnız rəhbər orqanların seçilməsi və təşkilati məsələlərin həlli ilə məhdudlaşmır. VIII qurultay eyni zamanda partiyanın növbəti siyasi dövrün reallıqlarına uyğunlaşdırılması funksiyasını da daşıyır”.
Tural İsmayılovun qənaətinə görə, VIII qurultay YAP üçün yalnız növbəti təşkilati toplantı deyil, 2020-2023-cü illərdə formalaşmış yeni Azərbaycan reallığının siyasi təşkilatlanma müstəvisində ifadəsidir. O vurğulayıb ki, ərazi bütövlüyünün və suverenliyin bərpası böyük tarixi mərhələdir. Lakin dövlətçilik baxımından bundan sonrakı əsas məsələ həmin nəticələri uzunmüddətli inkişaf və güc strategiyasına çevirməkdir.