Texnologiya milyarderi İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasına rəsmi məsləhətçi kimi qayıdır.
Metbuat.az xəbər verir ki, Mask Pentaqonun müharibələrin gələcəyini araşdırmaq məqsədilə başladığı “Meridian” layihəsinə həmsədrlik edəcək. Məlumata görə, layihənin digər həmsədrləri müdafiə texnologiyaları şirkəti “Anduril Industries”in həmtəsisçisi Palmer Lakki və Respublikaçı siyasətçi Nyut Qinqriç olacaq.
Pentaqonun rəhbəri Pit Heqset layihənin müharibələrin gələcəyini araşdırmaq üçün həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, layihədə innovasiya, akademik və siyasət sahələrindən seçilmiş özəl sektor nümayəndələri və mütəxəssislər iştirak edəcək.
Qeyd edək ki, İlon Mask daha əvvəl 2025-ci ilin mayında vəzifədən ayrılana qədər Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib. Onun şirkətləri, o cümlədən “SpaceX”, artıq Pentaqonun əsas podratçıları arasında yer alır. Maskın süni intellekt şirkəti “xAI” da bu il ABŞ ordusunun “Grok” çat-botundan məxfi sistemlərdə istifadə etməsinə imkan verən müqavilə imzalayıb.