Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,9 %, bitkiçilik məhsullarının istehsalı isə 0,5 % çoxalıb. Məhsulun 51 %-i bitkiçiliyin, 49 %-i heyvandarlığın payına düşüb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda günəbaxan istehsalı 11,6 %, dənli və dənli paxlalılar istehsalı 8,2 %, yaşıl çay yarpağı istehsalı 7,1 %, meyvə və giləmeyvə istehsalı 5%, pambıq istehsalı 4,2 %, yem bitkilərinin istehsalı 0,1 % artıb.

Bu ilin 9 ayında ölkədə kartıf istehsalı 1,1 %, tütün istehsalı 2,1 %, bostan meyvələrinin istehsalı 3,9 %, üzüm və tərəvəz istehsalı isə 5,2% azalıb.

Hesabat dövründə diri çəkidə 447,4 min ton ət, 1 milyon 998,8 min ton süd, 1 milyard 810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3 %, yumurta istehsalı 1,2 % artıb. İllik müqayisədə süd istehsalı eyni qalıb, yun istehsalı 3,4 %, barama istehsalı isə 16,5 % azalıb.

Bu ilin yanvar-avqust dövründəki 2,6 %-lik göstərici sentyabr ayının sonuna 1,1 %-ə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 %-dən 0,5%-ə, heyvandarlıq sahəsində isə 2 %-dən 1,9 %-ə düşüb.