"NATO Rusiyaya qarşı silahlı əməliyyatlara hazırlaşır".

Metbuat.az "İnterfaks"a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə, Moskvanın Kalininqrad vilayəti ətrafında vəziyyətin gərginləşdirilməsinin yolverilməzliyi barədə xəbərdarlığı alyansın “uçurumun kənarına addım atmaması” üçün qabaqlayıcı siqnaldır.

“Bizim xəbərdarlığımız məhz xəbərdarlıqdır. Bu, NATO-nun ayılması və uçurumun kənarını keçməməsi üçün qabaqlayıcı siqnaldır. Xüsusilə də ölkəmizə qarşı silahlı əməliyyatlara praktiki hazırlıq görüldüyü nəzərə alınarsa”, – deyə Qruşko bildirib.

NATO-nun baş katibi Mark Rütte daha əvvəl Rusiyanın Kalininqrad vilayəti ilə bağlı alyansın fəaliyyətindən narahatlığını ifadə edən müraciət göndərdiyini açıqlayıb.

Rusiyanın Brüsseldəki səfirliyi Moskvanın mövqeyini NATO-nun Beynəlxalq Katibliyinə və Belçikanın Xarici İşlər Nazirliyinə çatdırıb. Səfirlik “X” sosial şəbəkəsində NATO ölkələrinin Kalininqrad vilayəti ətrafında hərbi-siyasi vəziyyəti gərginləşdirməsi ilə bağlı şərh yayıb.

Moskva bəyan edib ki, Rusiyanın mümkün təcavüzü dəf etmək üçün zəruri vasitələri var. Həmçinin NATO ölkələrinin Kalininqrad vilayətini Rusiyanın digər ərazilərindən təcrid etməyə cəhd göstərəcəyi təqdirdə Moskvanın ərazisini qorumaq üçün sərəncamındakı bütün silah arsenalından istifadə etməyə hazır olduğu vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin də vəziyyəti şərh edərkən bildirib ki, Kalininqrada və ya Rusiyanın hər hansı digər bölgəsinə birbaşa hücum baş verərsə, ölkənin bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək.