Siyasətdə elə məqamlar var ki, susmaq təmkin deyil, prinsipial mövqedən geri çəkilməkdir. Əgər söhbət milli maraqlardan, dövlət suverenliyindən və ölkənin konstitusion əsaslarından gedirsə, kənarda qalmaq Vətənin taleyinə biganə qalmaq sayilır.

Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 13-də Türkiyədə bəzi siyasi dairələrin Azərbaycana qarşı səsləndirdiyi fikirlərlə bağlı bəyanatı məhz bu kontekstdən qiymətləndirmək lazımdır.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi qardaşlığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin siyasi şüarlardan daha möhkəm təməli var. Lakin qardaşlıq birtərəfli güzəşt demək deyil. Dostluq qarşılıqlı hörmət tələb edir. Ən əsası isə, heç bir siyasi yaxınlıq bir dövlətə digərinin daxili işlərinə müdaxilə etmək hüququ vermir.

YAP-ın bəyanatının əsas məğzi də budur. Türkiyənin bəzi siyasi nümayəndələrinin Azərbaycanın dünyəvi dövlət quruluşu, təhsil siyasəti və İsraillə münasibətləri barədə səsləndirdiyi ittihamlar cavabsız qala bilməzdi. Çünki məsələ ayrı-ayrı şəxslərin düşündüyündən daha genişdir. Söhbət Azərbaycanın öz qərarlarını müstəqil qəbul etmək hüququndan gedir.

Azərbaycan suveren dövlətdir. Öz daxili və xarici siyasətini milli maraqlarına, Konstitusiyasına və dövlətçilik prinsiplərinə uyğun müəyyən edir. Bu, kiməsə qarşı yönəlmiş addım deyil. Müstəqil dövlət olmağın təbii tələbidir. Azərbaycanın hansı ölkə ilə necə münasibət quracağına, təhsil sistemini hansı hüquqi prinsiplər əsasında tənzimləyəcəyinə dair qərarlar ölkənin daxilində qəbul edilir. Kənardan müdaxilənin adı Azərbaycanın daxili işlərinə qarışmaqdır.

Həm də ara qarışdırmaqdır...

Burada önəmli bir məqamı da unutmayaq. Dünyəvilik dini dəyərlərə hörmətsizlik deyil. Əksinə, hüquqi dövlətin vəzifəsi hər bir vətəndaşın dini etiqad azadlığını qorumaq, eyni zamanda qanun qarşısında bərabərliyi təmin etməkdir. Həssas dini məsələləri siyasi təzyiq alətinə çevirmək isə cəmiyyətləri birləşdirmək əvəzinə, parçalanma riskini artırır.

“Bir millət, iki dövlət” ifadəsinin mahiyyəti də məhz burada üzə çıxır. İki dövlət! Bu sözlər təsadüfən işlədilməyib. Qardaşlıq suverenlikdən imtina etmək deyil. Müttəfiqlik milli maraqları ikinci plana keçirmək deyil. Əsl dostluq qarşı tərəfin müstəqil qərarlarına hörmətlə yanaşmaqdır.

YAP-ın mövqeyi bu baxımdan siyasi məsuliyyət nümunəsidir. Partiya münasibətlərin gərginləşməsində maraqlı olmadığını göstərməklə yanaşı, Azərbaycanın qırmızı xətlərini də aydın ifadə edir. Bu, Türkiyəyə qarşı çıxmaq deyil. Bu, Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etməkdir.

Bəli, qardaşlıq körpüləri qorunmalıdır. Amma bu körpülər qarşılıqlı hörmət üzərində dayanmalıdır. Azərbaycanın müstəqilliyi müzakirə mövzusu deyil. Milli maraqlar isə siyasi konyunkturadan asılı ola bilməz.

YAP doğru olanı yapdı. Çünki dövlətçilik məsələsində prinsipiallıq münasibətləri pozmaq yox, onları sağlam təməl üzərində saxlamaq cəhdidir. Azərbaycan öz yolunu özü müəyyən edir. Bu reallığa hörmətlə yanaşmaq qardaşlıq bağlarını daha da gücləndirəcək...

Nazim Hüseynzadə / Metbuat.az