Azərbaycanda istehlak kreditləri üzrə işsizlik riskinin sığortalanması bankların risklərini və kapital tələblərini azalda, müəyyən kredit seqmentlərində faizlərin aşağı düşməsinə şərait yarada bilər. Söhbət dövlətin işsizlikdən sığorta sistemindən deyil, özəl sığorta şirkətlərinin təqdim etdiyi məhsullardan gedir.
Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, borcalanın işini itirməsi riskinin sığortalanması bankın maliyyə risklərini azalda bilər:
“Burada sığorta ödənişsiz olmayacaq, onun haqqı da nəzərə alınmalıdır. Lakin riskin bir hissəsi sığorta şirkətinə ötürüldükdə bankın riski azalır. Bu isə bankların kapital tələblərinin aşağı düşməsinə və daha çox kredit vermək imkanlarının genişlənməsinə şərait yarada bilər. Risklərin azalması bankların kreditləşmə xərclərinə də təsir göstərə bilər. Nəticədə sığorta haqqı nəzərə alınmaqla belə, bəzi kredit seqmentlərində borclanmanın ümumi dəyəri aşağı düşə bilər”.
O vurğulayıb ki, sığorta haqları bütün müştərilər və sektorlar üçün eyni olmayacaq. Qiymətlər işsiz qalma riskindən və digər amillərdən asılı olaraq müəyyənləşəcək:
“Bəzi sektorlarda işini itirmə ehtimalı daha yüksək ola bilər. Belə hallarda sığorta haqqı da daha yüksək müəyyənləşdirilə bilər. Qiymətləri bazar özü formalaşdıracaq. Hazırda ayrı-ayrı sektorlar üzrə işsizlik riskini müqayisə etməyə imkan verən kifayət qədər məlumatımız yoxdur”, - deyə o bildirib.
Ş.Mahmudzadə qeyd edib ki, kredit faizlərinə sığorta mexanizmi ilə yanaşı, bankların kapitalının həcmi, ehtiyat tələbləri və digər amillər də təsir göstərir. Buna görə faizlərin azalmasının miqyası bankdan və kreditin xüsusiyyətlərindən asılı olacaq.
“Biz tənzimləmə baxımından hesab edirik ki, bir sıra seqmentlərdə sığorta haqqı nəzərə alınsa belə, kreditin ümumi faiz yükü azala bilər. Lakin bu, bankın maliyyə vəziyyətindən və risk göstəricilərindən asılı olacaq. Orta hesabla xərclərin azalması gözlənilir”, - deyə AMB-nin baş direktoru vurğulayıb.