Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.
A.Abbasov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.