"Oyuncaqlar mexaniki, elektrik, gigiyenik və kimyəvi təhlükəsizlik tələblərinə cavab verməlidir".
Metbuat.az-ın məlumatına görə, bunu Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən maarifləndirmə tədbirində deyib.
O bildirib ki, oyuncaqların təhlükəsizliyinə və uyğunluğunun qiymətləndirilməsinə dair texniki reqlamentdə müxtəlif risklər nəzərə alınıb. Reqlamentin əlavələrində oyuncaqlarla bağlı təhlükələr və təhlükəsizlik tələbləri əksini tapıb. Xüsusilə uşaqların zərərli kimyəvi maddələrlə təmas riskinə diqqət yetirilib.
"Texniki reqlamentin tələblərinə uyğun olmayan xammaldan istifadə edilərək oyuncaq istehsalının uşaqların sağlamlığı üçün ciddi fəsadları ola bilər. Buna görə oyuncaqların təhlükəsizliyinə üç mərhələdə nəzarət olunacaq.Əvvəlcə istehsalçı məhsulun reqlamentə uyğunluğuna zəmanət verməli, sonra məhsul akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumun nəzarətindən keçməli, bazara çıxarıldıqdan sonra isə dövlət nəzarəti həyata keçirilməlidir".
Qurum rəsmisi qeyd edib ki, satışda olan oyuncaqla bağlı boğulma və ya başqa təhlükə yarandığı barədə məlumat daxil olarsa, aidiyyəti qurum nəzarət tədbirləri görür:
"Məhsulun təhlükəli və ya tələblərə uyğun olmadığını müəyyən etmək üçün əvvəlcə müvafiq norma olmalıdır. Buna görə texniki reqlamentlərin qəbulu vacibdir”, – deyə şöbə müdiri bildirib.