Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Nəriman Nərimanov küçəsi ilə Rauf İsayev küçəsinin kəsişməsində qeydə alınıb. Nəriman Nərimanov küçəsi ilə hərəkətdə olan 77-RY-108 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobillə Rauf İsayev küçəsi ilə hərəkət edən 90-GN-399 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi maddi ziyan dəyib, iki elektrik dirəyi aşıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Göyçay Rayon Elektrik Şəbəkəsinin nümayəndələri cəlb olunublar. Qəza nəticəsində elektrik xətlərində yaranan problem səbəbindən ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar avtomobillərin hərəkəti qısa müddətə məhdudlaşdırılıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.