Göyçay şəhərində Azərbaycanın şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Əli Kərim adına Göyçay şəhər parkında olan "Əbədiyaşar Ədiblər" adlı abidə kompleksinin əsası 20 may 2018-ci il tarixində qoyulub.
Vaxtı ilə parkın ərazisində dəfn edilən tanınmış şair Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa edilib, mərmərdən hazırlanan baş və sinə daşları hazırlanıb, ətrafı isə abadlaşdırılıb. Görkəmli şair Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək bərpa işləri görülüb, ətrafına mərmər daşlar düzülüb.
Eyni zamanda parkın ərazisində inşa edilən "Əbədiyaşar ədiblər" kompleksində Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mircəlal Paşayev, Səməd Vurğun və başqa ədiblərin büstləri qoyulub, kitab abidəsi tikilib.
Xatırladaq ki, abidə kompleksinin inşa olunmasının əsas məqsədi Azərbaycan yazıçılarının xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılmasıdır.