Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Keniyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.

Metbuat.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonun Azərbaycana səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.

İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son dövrlərdə əlaqələrin inkişaf etdiyini deyərək, hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğuladı.

Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu.

Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.