Naxçıvan, 13 iyun, Tural Kəngərli, AZƏRTAC
Xalqın təkidli tələbini nəzərə alaraq yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz xaosdan qurtulub, müstəqilliyimiz qorunub saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikir “Naxçıvan” Universitetində Milli Qurtuluş Gününə həsr olunan Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Lektoriyada “Naxçıvan” Universitetinin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, böyük Qurtuluşa gedən yol Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan başlayıb. Belə ki, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıdıb və 1990-1993-cü illərdə burada yaşayaraq fəaliyyət göstərib. Blokadaya salınmış Naxçıvanın ən ağır dövrlərində xalqla birlikdə olan Ulu Öndər muxtar respublikanın təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edən muxtariyyət məsələsini yenidən gündəmə gətirib, dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edib. Məhz dahi şəxsiyyətin böyük səyləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunması yolunda ilk addımlar Naxçıvanda atılıb.
Vurğulanıb ki, 1993-cü ilin iyununun 15-dən sonra ölkənin gələcək inkişafı üçün prioritetlər müəyyənləşdirilib, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, beynəlxalq sahədə irəliləyişlərə nail olunub. Bundan əlavə, ötən müddət ərzində Azərbaycanın sürətli və hərtərəfli inkişafı bütün sahələrdə uğurların qazanılmasına şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası da hərtərəfli inkişaf yoluna çıxaraq özünün intibah dövrünə qədəm qoyub. Bu qədim Azərbaycan diyarında şəhər, qəsəbə və kəndlərin siması dəyişib, yeni yollar çəkilib, yaşıllıqlar salınıb. Sosial-iqtisadi sahədə əldə edilən uğurlu nəticələr hesabına əhalinin sosial rifahı yüksəlib.