Ukrayna Qanlı Yanvar şəhidlərinin işıqlı xatirəsi önündə baş əyir

Ukrayna Qanlı Yanvar şəhidlərinin işıqlı xatirəsi önündə baş əyir
22:43 20 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 20 yanvar, AzərTAc
Bu gün 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyində Dövlət Bayrağı endirilib.
Sonra Səməd Vurğun adına Kiyev kitabxanasında diplomatik nümayəndəliyimizin və bu kitabxananın birgə təşkilatçılığı ilə “Qara Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbir çərçivəsində həmin qanlı gecənin qurbanlarının fotolarından ibarət stend, sovet totalitar dövlətinin rəhbərliyini, erməni işğalçılarını və terrorçularını damğalayan müxtəlif çap məhsullarından, Azərbaycan səfirliyinin press-relizi və digər bu kimi materiallardan ibarət ekspozisiya nümayiş etdirilib.
Tədbiri kitabxananın direktoru, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qalina Çebotaryova açaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar haqqında fikirlərini ifadə edərək, onların işıqlı xatirəsi önündə baş əyib.
Tədbirin aparıcısı, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli toplaşanlardan 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Səfir öz çıxışında Mixail Qorbaçov və onun qanlı ortaqlarının cinayətinə ilk obyektiv siyasi-hüquqi qiymət verilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu, təhlükəyə baxmayaraq, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini vurğulayıb.
Səfir xüsusi qeyd edib ki, Azərbaycandakı şəhid ailələri öz kədərləri və problemləri ilə təklikdə qalmayıblar. Prezident İlham Əliyev, ölkə hökuməti 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinə də Qarabağ müharibəsi, Əfqanıstan döyüşçüləri, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olanların ailələrinə olduğu kimi böyük diqqət ayırır.
Səfir həmçinin məlumat verib ki, faciənin 25-ci ildönümü ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb. Kitab-albomda Qanlı Yanvar hadisələrinin miqyasını əks etdirən yüzlərlə fotoşəkil yer alıb.
Diplomat həmçinin deyib ki, Azərbaycanın paytaxtında rejissor və ssenarist Vahid Mustafayevin 1990-cı ilin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin təqdimatı keçirilib.
Səfir çıxışının sonunda toplaşanları fevralın 24-də Kiyev Filarmoniyasında Xocalı faciəsinin qurbanlarına həsr ediln rekviyem-tədbirdə iştiraka dəvət edib.
Sonra çıxış edən Azərbaycan diaspor hərəkatının banilərindən biri Tələt Əliyev, “Ukrayna azərbaycanlılarının birləşmiş diasporu” Ümumukrayna ictimai təşkilatının sədri, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynada hərbi attaşesi Daşdəmir Məmmədov, Pakistanın Ukraynadakı səfiri Yasir Əziz, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Azərbaycanın əməkdar idman ustası və məşqçisi Oleq Krapivin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna Nümayəndəliyinin əməkdaşı Samirə Əliyeva, Ukrayna Millətləri Assambleyasının başçısı Rövşən Tağıyev, Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) sədri İlhamə Allahverdiyeva, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının liderlərindən biri İsgəndər Zamanov da Azərbaycanın azadlığı uğrunda totalitar sovet rejimi ilə mübarizə aparmış xalqın oğul və qızlarının qəhrəmanlığı və misilsiz rəşadətindən danışıblar.
Ukraynalı türkoloq Andrey Lyaşenko, məşhur hüquq müdafiəçisi və fəal ictimai xadim, ötən il Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən azərbaycanlı vətənpərvərlərin və qəhrəmanların xatirəsinə şam yandırmış Larisa Datsyuk Azərbaycan xalqına başsağlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra faciədən bəhs edən qısametrajlı film, eləcə də UAGİ tərəfindən Azərbaycan dilində hazırlanmış “20 Yanvar. Müstəqilliyin qəhrəmanlıq tarixi” adlı videoçarx Ukrayna və ingilis dillərində subtitrlərlə nümayiş olunub.
Sonda Şeyx Şakir (Yəhyaev), 20 Yanvar şəhidlərinin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxuyub.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukrayna_Qanli_Yanvar_sehidlerinin_isiqli_xatiresi_onunde_bas_eyir-826219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR