Bakı, 16 iyun, AZƏRTAC.
İyunun 16-da Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olub.
ATM-dan AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qonağa rəhbərlik etdiyi qurumun fəaliyyətindən, dil və tərcümə sahəsi üzrə aparılan islahatlardan, qarşıda duran vəzifələrdən danışıb. O, mərkəzin nəşrlərinin siyahısı yer alan kataloqu və Qabriel Qarsia Markesin Azərbaycan dilində nəşr olunan kitabını Assad Xoseyə təqdim edib.
Afaq Məsud deyib: “Gördüyünüz bu səhifələri saralmış nəşr 1996-cı ildə işıq üzü görüb və ilk dəfə Markesi Azərbaycan oxucusuna, Azərbaycan dilində tanıdıb. Bu kitab, eləcə də qurumun öz qüvvəsi, ədəbiyyata olan sədaqəti və sevgisi ilə ərsəyə gətirilib. Uzun illər dünya ədəbiyyatının ən aparıcı yazıçılarının əsərlərini Azərbaycana gətirən Mərkəz, bu gün öz milli ədəbiyyatının da dünyada tanıdılmasına çalışır, bununla bağlı dünyanın aparıcı qurumları ilə əlaqələr yaradır, iş birlikləri qurur. Yeni tərtib etdiyimiz iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” hazırda bir neçə dilə tərcümə edilir və bu kitabın həmin ölkələrin nüfuzlu nəşriyyatlarında nəşri nəzərdə tutulur. Bu nəşrin, həmçinin dünyanın aparıcı dillərindən olan ispan dilinə tərcümə edilməsini də vacib sayır, tərcümə prosesində ispan dilli bədii tərcümə ustalarının, yazıçı və şairlərin iştirakını mühüm hesab edirik”.
Mərkəzin təşkil etdiyi Azərbaycan dili kurslarının iştirakçısı olan Assad Xose öz növbəsində, ATM tərəfindən görülən işləri, ədəbiyyata, bədii tərcüməyə olan münasibəti yüksək dəyərləndirərək, Markesə olan sevgidən bir kolumbiyalı kimi qürur duyduğunu bildirib.
Azərbaycan ilə Kolumbiya arasında əlaqələrinin möhkəmlənməsində əsaslı rolu olan tərcümənin, ədəbi əlaqələrin əhəmiyyətindən söz açan müvəqqəti işlər vəkili iki ölkə şairlərinin şeirlərinin yer alacağı “Azərbaycan-Kolumbiya poeziyası toplusu”nu nəşr etmək təklifini irəli sürüb: “Belə bir toplunu biz, ərəb ölkələri ilə hazırlamışıq. Xalqların, ölkələrin yaxınlaşmasında belə toplular, ümumiyyətlə, ədəbiyyat mübadilələri böyük əhəmiyyət daşıyır. Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi, Kolumbiyada tanıdılması, həmçinin Azərbaycanda ispan dilinin tədrisi sahəsində də sizə öz köməkliyimizi əsirgəməyəcəyik. Kolumbiyada tez-tez dünya poeziyası festivalları keçirilir. Azərbaycan şairlərinin bu festivallara qatılması bizim üçün çox xoş olardı”.