Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkəmiz üçün daha bir mühüm müvəffəqiyyət əldə edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Bakı “Aktiv materialların istilik-fiziki və mexaniki xassələri“ üzrə növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək. Konfrans sentyabrın 17-də Azərbaycan Texniki Universitetində keçiriləcək və bu tədbirdə müxtəlif ölkələrdən 250-dək peşəkar mütəxəssisin iştirakı gözlənilir.
2013-cü ildə dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Azərbaycan Konqreslər Bürosunun da fəal iştirak etdiyi, səylərini əsirgəmədiyi bu danışıqlar Azərbaycan Texniki Universiteti və Almaniyanın Rostock Universiteti arasında aparılıb.
Qaz, maye və bərk cisimlərin istilik-fiziki və mexaniki xassələrinin bir çox texniki və sənaye proseslərində vacib rolu nəzərə alınmaqla konfransın iqtisadi nöqteyi-nəzərdən böyük əhəmiyyəti var. Konfransın əsas məqsədi bu sahədə baş verən ən son nailiyyətləri təqdim etmək və beynəlxalq mütəxəssislər arasında müzakirələr aparmaqdır. Əsas məqsədlərindən biri Azərbaycana iri miqyaslı tədbirlərin cəlb olunması olan Büro ölkənin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurub və bu nailiyyət həmin əməkdaşlığın nəticələrindəndir.
Büro ölkənin ali məktəbləri ilə birgə mütəmadi iclaslar keçirərək Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmaq yolları barədə müzakirələr aparır.