Hazırda Wikipedia.com portalı və istifadəçilər arasında məlumatların çox hissəsi şifrlənməmiş bağlantılarla ötürülür ki, bu da onların hakerlər tərəfindən ələ keçirilməsini asanlaşdırır. Bununla bağlı Wikimedia təşkilatı bəyan edib ki, gələcəkdə sayt HTTPS bağlantısından istifadəyə başlayacaq və bununla da ötürülən məlumatlar şifrlənəcək.
Wikipedia, Wiktionary və Wikimedia Commons saytları ilə bağlantılar yaxın iki həftə ərzində şifrlənmiş olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, HTTPS bağlantısına keçid üzərində iş 2011-ci ildən aparılıb, 2013-cü ildə isə hökumət təşkilatları tərəfindən istifadəçilərin kütləvi izlənməsi ilə bağlı halların artmasına görə sürətləndirilib.
Son illər qlobal şəbəkə istifadəçi məlumatlarının daha etibarlı mühafizəsini təmin etmək məqsədilə sürətlə HTTPS bağlantısına keçir. Twitter, Google və Facebook kimi iri portallarda artıq bu bağlantıdan istifadə olunur, brauzerlərdə bütün saytlarla şifrlənmiş bağlantını təmin edən genişlənmə funksiyaları yer alıb.
Milli.Az