Latın qrafikalı əlifbaya necə keçdik? (VİDEO)

Latın qrafikalı əlifbaya necə keçdik? (VİDEO)
22:41 18 İyun 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Latın qrafikalı Azərbaycan əlifbasına keçidi yaranmış siyasi şərait tələb edirdi.

ANS TV-nin məumatına görə, Sovetlər Birliyinin dağılmasına az qalmış, Milli Azadlıq Hərəkatının başlanmasından sonra ölkədə latın qrafikalı əlifbanın tətbiqi məsələsi aktuallaşdı.

O vaxt parlamentdə yeni əlifbanın qəbulu ilə bağlı qızğın müzakirələr iki ilə yaxın davam edib. Həmin illərdə təhsil naziri, elm mədəniyyət komisiyasının sədri işləmiş Firudin Cəlilov bir qrup Azərbaycan ziyalısının dəstəyilə latın qrafikalı əlifbaya keçidə nail olub.

Onun sözlərinə görə, həm Xalq Cəbhəsindən, həm də kommunistlərdən Azərbaycan əlifbasına keçidə mane olanlar çox idi:

“Bu 20 Yanvar hadisələrindən sonra xalqda bir ovqat pozğunluğu, ruslara qarşı nifrət yaranmışdı. O dalğada mümkün oldu. Yoxsa, o biri türk ölkələnidə - Qazax, Qrığız indi-indi bu prosesə başlayıb. Bəzən bir hərf üstə bir-birimizi qırırdıq. Mənim acığıma 24 ildir ki, AXC-nin loqosuna AHC yazırlar”.

Latın qrafikasına keçiddən sonra Sabir Rüstəmxanlının redaktoru olduğu “Azərbaycan” qəzeti məqalələri yeni əlifbada çap etməyə başlayır. Bəzi qəzetlər isə bir səhifəsində latın, digərində kirill əlifbasında yazılar dərc edirdi.

Kütləvilik mümkün olmur. Latın qrafikalı dərsliklər az sayda çap olunur, nəşriyyatların buna imkanı çatmırdı. Bədii ədəbiyyat yox idi. A-dan Z-yə heç də insanlar yeni əlifbanı yazıb-oxuya bilmirdilər.

Yalnız 1992-ci ildən orta məktəblərin birinci sinfində latın qrafikalı Azərbaycan əlifbası tətbiq olunmağa başlayıb.

Azərbaycan əlifbasına bötüvlüklə keçid mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təmin olunub. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşib.

Bu tarixdən etibarən Azərbaycan dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb.

Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələri latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunub. Kütləvi oxu zalları, kitabxanalar latın qrafikalı Azərbaycan əlifbası ilə çap edilmiş vəsaitlə təmin olunub.

2004-cü ildə prezident yanında Dövlət Dil Komissiyasının yaradılması barədə sərəncam imzalanıb. Daha bir fərmanla hər il avqustun 1-də “Azərbaycan Dili və Əlifbası Günü” qeyd edilir.

Prezident İlham Əliyev sərəncamı ilə latın qrafikasında ədəbiyyat çapı həyata keçirilir, daha bir sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uygun istifadəsinə və olkədə dilciliyin inkisafına dair Dovlət Proqramı təsdiq olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR