Avstraliyanın "Signature Travel & Style" jurnalında Azərbaycandan bəhs olunur

15:58 19 İyun 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Avstraliyanın “Signature Travel & Style” jurnalının mart buraxılışında Azərbaycandan bəhs olunur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə Avstraliyanın turizm sahəsində aparıcı jurnallarından olan “Signature Travel & Style”ın mart buraxılışında ölkəmizin turizm imkanları haqqında məqalə dərc olunub.

Məqalədə əvvəlcə Heydər Əliyev Mərkəzindən bəhs olunur və bu müasir tikili Sidneydə yerləşən Opera Evi ilə müqayisə edilir.

Müasir tikililərdən Dubay stilində inşa edilən "Fleym Tovers"lə yanaşı, İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı kimi qədim memarlıq nümunələri haqqında da məlumat verilir. Paytaxt Bakı şəhərinin Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşdiyi qeyd edilən məqalədə şəhər “Şərqin Parisi” adlandırılır. Azərbaycanın tarixi tolerant ölkə olmasını vurğulayan müəllif burada əhalinin 90 faizinin müsəlman olduğunu da qeyd edir.

Bununla yanaşı, məqalədə avstraliyalı turistlərə Milli Xalça Muzeyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Miniatür Kitablar Muzeyini ziyarət etmək və Xəzər dənizinə getmək məsləhət görülür.

Azərbaycan milli mətbəxinin ləziz təamları olan aş, düşbərə, dolma kimi yeməkləri dadmaq xüsusilə qeyd olunur.

Məqalədə, həmçinin ölkəmizdə keçirilən I Avropa Oyunlarından bəhs edilir.

Sonda müəllif 3 gün ərzində tarixi gözəlliklər, möhtəşəm memarlıq, ləziz yeməklər və müasir insanların olduğu bir şəhər kəşf etdiyini bildirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR