Bakı, 22 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarını izləmək üçün şəhərimizə gələn xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Pəri Cadu” və M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşalarını seyr ediblər.
AZƏRTAC xəbər verir ki, ABŞ, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş qonaqlar tamaşadan sonra ölkəmizdə birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi və insanların istiqanlılığı haqda xoş təəssürartlarını bölüşüblər.
Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar səhnə məharətlərinə və səslənən canlı muğam parçalarına heyran olduqlarını vurğulayıblar.
İtaliyalı jurnalist teatrın direktoru əməkdar artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu vurğulayıb: “Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq”.
Qeyd edək ki, birinci Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-dək davam edəcək.