Tomas Danestad: İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir

Tomas Danestad: İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir
18:53 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yanvarın 21-də İsveçin Azərbaycandakı səfirliyinin işlər üzrə müvəkkili Tomas Danestad Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olub.
ATM-dan AzərTAc-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa qısa məlumat verib, isveç ədəbiyyatından tərcümə edilmiş nümunələrdən söz açıb.
O deyib: “İsveç ədəbiyyatından biz Pyer Lagerkvistin, Nobel mükafatı laureatları Selma Lagerlöfün və Tomas Tranströrmerin, həmçinin, Marqaret Ekströmün əsərlərini tərcümə və nəşr etmişik. Bu il məşhur isveçrəli nasir Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərini, həmçinin, Berqmanın rejissor peşəsinin incəliklərindən bəhs edən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi üçün əhəmiyyətli olacaq “Berqman Berqman haqqında” kitabını tərcümə və nəşr etməyi planlaşdırırıq”.
Sonra A.Məsud ötən ilin sentyabr ayında İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq kitab sərgisində iştirakından söz açıb və təəssüratlarını bölüşüb.
Mərkəzin direktoru daha sonra isveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə toxunub. “Biz isveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, dövlət və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. Çox istərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın. Düşünürəm isveç dilinin tədrisinin təşkili ilə bağlı hamımız – İsveçin ölkəmizdəki səfirliyi, Azərbaycan Dillər və ADA universitetləri birgə çalışmalıyıq. Bu layihənin maliyyə mənbələrini tapmalı, ümumi konsepsiya və tədris proqramları hazırlamalıyıq”- deyə A.Məsud bildirib.
Tomas Danestad öz növbəsində Azərbaycanda tərcümə işinin vəziyyəti və ölkəmizdəki tərcüməçilərinin hansı normativ hüquqlar əsasında fəaliyyət göstərməsi ilə maraqlanıb. “İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir. Bu işlə Tərcümə Palatası adlanan xüsusi dövlət qurumu məşğul olur. İsveçdə tərcümə işi ilə məşğul olmaq üçün Tərcümə Palatası tərəfindən xüsusi lisenziya verilir. Bir ildən çox olmayan bu lisenziyalar tərcüməçilərə yalnız bir dildən o biri dilə tərcüməyə görə verilir. Məsələn, isveç dilindən ingilisə, yaxud, alman dilindən isveç dilinə. Bizdə heç zaman bir tərcüməçiyə dil qarşılıqlılığı üzrə, yəni eyni zamanda həm isveçdən ingilisə, həm ingilisdən isveçə tərcüməyə görə lisenziya verilmir”- deyə diplomat vurğulayıb.
2005-ci ildə İsveç parlamenti tərəfindən İsveç dilinin özünəməxsusluğunun qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram qəbul olunub. Burada əsas məsələ İsveç dilinin ölkənin aparıcı dövlət dili kimi qorunub saxlanılmasının təmin edilməsidir.
Diplomat səfirliyin dil, tərcümə və tədris məsələləri üzrə ATM-la əməkdaşlığından, bu sahədə birgə həyata keçirə biləcəkləri perspektiv layihələrdən söz açaraq deyib: “İsveçin Tərcümə Palatası, Dil Şurası, eləcə də dil və tərcümə məsələləri üzrə digər əlaqədar qurumlar ölkənizdə tərcümə işinin qurulmasında, həmçinin, ana dilinizin kultivasiyası istiqamətində sizə böyük köməklik göstərə bilərlər. Düşünürəm, mərkəzlə birgə əməkdaşlığımız hər iki ölkənin mədəni həyatına öz töhfələrini verəcək”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tomas_Danestad_Isvechde_tercume_sahesi_ciddi_dovlet_nezaretindedir-826471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR