Bakı, 24 iyun, AZƏRTAC
Bakıya təşrif buyuran əcnəbi qonaqlar bu gün paytaxtdakı mədəniyyət ocaqlarında incəsənət və musiqimizlə yaxından tanış olurlar. Onların mədəni dəyərlərimizlə hərtərəfli tanışlığı üçün geniş imkanlar yaradılıb. Bütün bunlar ölkədə həyata keçirilən uğurlu mədəniyyət siyasətinin real nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin səsyazma evinin direktoru, musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov deyib.
İlk Avropa Oyunlarına mədəniyyət işçiləri də öz töhfələrini verməyə çalışırlar. AzTV-nin musiqi kollektivləri tərəfindən hazırlanmış Avropa Oyunlarına həsr olunan musiqi nömrələri (“Zəfər nəğməsi”, “İlk Avropa Oyunları”, “Gözəl diyar”, “Ellər sevinir”, “Qələbə bizimlədir” və “Avropa Oyunları”) idmançılarımıza ruh yüksəkliyi verir.
R.Qasımov deyib ki, bu gün bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Neçə gündür davam edən birinci Avropa Oyunları ölkəmiz haqqında təsəvvürləri tamamilə dəyişib. Avropa ölkələrindən yarışlara qoşulmuş idmançılar və xarici turistlər Bakının gözəlliyindən, burada gedən quruculuq işlərindən ürək dolusu danışırlar.