Bakı, 27 iyun, AZƏRTAC
Türkmənistanın Marı şəhərində türk dünyasının ən məşhur vokal ustalarının və musiqiçilərinin iştirakı ilə konsert olub. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsertdə Türkmənistan Baş nazirinin müavini Maysə Yazməhəmmədova, Türkmənistan Məclisinin sədri Akca Nurberdiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkmənistan hökumətinin üzvləri olublar.
Türkdilli ölkələrin vokal ustaları Türkmənistan Simfonik Orkestrinin müşayiəti ilə "Ruhiyet" sarayının səhnəsində gözəl çıxışlar ediblər. Orkestrə Qazaxıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Kanat Əhmədov və Rövşən Nepesov (Türkmənistan) dirijorluq ediblər.
Konsert proqramında türk dünyası bəstəkarlarının əsərləri yer alıb. Onların çoxu Türkmənistan Simfonik Orkestri tərəfindən ilk dəfə ifa olunub. Proqramda Balnur Kıdırbeyin "Aktau sarını" (Qazaxıstan), Azərbaycan bəstəkarı Rauf Əliyevin Türkmənistan Prezidentinə həsr olunmuş "Türkmənnamə" kantatası, habelə Muratbek Beqaliyevin "Bayram uvertürası" (Qırğızıstan) səslənib. Türkmənistan Simfonik Orkestrinin müşayiəti ilə kurayda (Ramil Qayzullin, Başqırdıstan, RF), kıl kobuzda (Alina Matayeva, Qazaxıstan), doyredə (Rovşancon Yunusov, Özbəkistan) parlaq solo ifaları səslənib. Türkmənistan tamaşaçıları İstanbul Operasının solisti Burçin Saviqnenin ifasında Selman Adanın "Əli baba və qırx quldur" operasından Nurjixanın ariyasını, Qızğızıstanın Xalq Artisti Karimberdi Turapovun ifasında K.Moldobasanovun "Selkiqe" mahnısını hərarətlə qarşılayıblar. Milli klassik musiqi əsərlər - Q.Tukay adına Tatarıstan Dövlət Filarmoniyasının solisti Rigina Valiyevanın ifasında Salih Saydaşovun "Tatar valsı" və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasovanın Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından şövqlə ifa etdiyi Gülçöhrənin ariyası konsertə unudulmaz lirik notlar qatıb.
İyunun 25-də Türkmənistanın Lebap vilayətinin S.Seydi adına Dövlət Musiqili Dram Teatrında türk xalqlarının incəsənət ustalarının ikinci konserti olub.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan, habelə Rusiyanın iki regionundan - Başqırdıstandan və Tatarıstandan vokal ifaçıların Türkmənistan Simfonik Orkestrinin müşayiəti ilə hər bir çıxışı qardaş xalqların dostluğunun qüdrətinin rəmzinə çevrilib və gurultulu alqışlarla qarşılanıb.
Başqırdıstan Respublikasının Xalq Artisti, Rusiya Federasiyasının Xalq Artisti Ramil Qayzullinin və Özbəkistanın "Abbos" ansamblının bədii rəhbəri Rovşancon Yusupovun "kuray" və "doyre" milli musiqi alətlərində alqış sədaları ilə müşayiət olunan virtuoz ifaları konserti rövnəqləndirib. Sonra Azərbaycan bəstəkarı Rauf Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun doğum günü şərəfinə "Türkmənnamə" kantatası səslənib. Yüksək vətənpərvərlik ruhunda yazılmış kantata minnətdar tamaşaçıların ürəklərini fəth edib.
Bəstəkar Rauf Əliyev deyib: "TÜRKSOY təkcə ifaçıların deyil, əsərləri bu konsertlərdə səslənən bəstəkarların da iştirakını təşkil edib. Mənim "Türkmənnamə" əsərim Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova həsr olunub. Bu əsərimlə müdrik və istedadlı bir insana - cənab Qurbanqulu Berdiməhəmmədova heyranlığımı və dərin ehtiramımı bildirmək istəmişəm".
Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkmənistanın mədəniyyət naziri Anagəldi Qaracayev bəstəkarları təbrik edərək, onlara mükafatlar və xatirə hədiyyələri təqdim ediblər.
