[ 01 İyul 2015 17:34 ]
Bakı-APA. İyulun 1-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyinə həsr edilmiş “Gənc xilasedici” III Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” IV Ümumrespublika birinciliyinə start verilib.
APA-nın FHN-in saytına istinadən xəbərinə görə, nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, İdman və Gənclər nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə edib.
İyulun 7-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Polşa, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 19 rayon və şəhərin komandaları güclərini sınayır.