XİN mətbuat katibi Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında, German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktının hal-hazırda araşdırıldığını bildirdi:
"Bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında" qanunu pozub: “Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək”.
Müstəqil Rusiyanın ilk milyonçularından olan qatı rus millətçisi və monarxist German Sterliqov ölkəsini tərk edərək Dağlıq Qarabağa gedib. O, bütün əmlakını satıb və ailəsini də özü ilə aparıb. O, yəqin ki, Qarabağı Rusiya ərazisi saydığından ora köçüb. Bu cür imperialist düşüncələrlə o, 2004-cü ildə Rusiya prezidentliyinə namizəd olub. Onun Rusiyada məhkəmə təqibibndən qaçdığı da deyilir.
Vəkili Artur Ayrapetov biznesmen German Sterliqovun Dağlıq Qarabağa köçməsini təsdiq edib. Ayrapetov biznesmenin bütün ailəsi ilə bərabər getdiyini qeyd edib. O, biznesmenin gedişinin nəylə bağlı olduğunu izah edə bilməyib.
Vəkil mətbuatın Sterliqovla bağlı BORN millətçilərinin işi ilə əlaqədar ola biləcək fərziyyələri belə şərh edib: "Yəqin Germanda Rusiyanı tərk etmək üçün hansısa kifayət qədər ciddi motivlər olub. Təkcə bunda sizi inandıra bilərəm ki, bu, onun BORN işi üzrə soyadının hallanması ilə bağlı deyil. Məhkəmə prosesində onun soyadı xırda epizodlardan birində hallanıb. Bu işə onun dəxli yoxdur. Və ümumiyyətlə mənə elə gəlir ki, bu tam böhtandır. Düşünürəm ki, bunu hansısa bir siyasi güclər öz hədəfləri üçün istifadə edir".