Mübariz Qurbanlı: Kənar ideya və adətlərin cəmiyyətə nüfuzu məhvə gətirib çıxara bilər

Mübariz Qurbanlı: Kənar ideya və adətlərin cəmiyyətə nüfuzu məhvə gətirib çıxara bilər
13:18 26 Dekabr 2014
83 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bu gün Qərb dövlətlərində bəzi eybəcərliklərin adiləşdiyi, xüsusən də eyni cinsdən olan insanların evlənməsi kimi şeylər cəmiyyətin artıq tənəzzülə uğradığının göstəricisidir". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyib. Lakin bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var: "Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan əsas element kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək. Bunun içində milli mədəniyyət, milli mənəviyyat çökəcək, onun daşıyıcısı olan dil də tənəzzülə uğrayacaq, aradan qalxacaq. Bununla da millət tədricən deformasiyaya uğrayacaq, başqa bir millətin içində əriyib assimilyasiyaya məruz qalacaq. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var. Biz milli-mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik”.

Komitə sədri əlavə edib ki, dünyada sayı 50 milyona qədər olan azərbaycanlılar kiçik xalqlar sırasına daxil edilə bilməz: “Biz sanballı xalqlar sırasındayıq. Şimali Azərbaycandakı dövlət isə onun yalnız 10 milyonunu əhatə edir. Bu dövlət dünya azərbaycanlılarının mayakı rolunu oynayır. Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlı bu dövlətin uğurlarına sevinir”.

DQİDK sədrinin sözlərinə görə, milli-mənəvi dəyərlərin içində dini dəyərlər xüsusi əhəmiyyət daşıyır: “Dinimiz bizə nəsildən-nəsilə ötürülür. Onu qorumalıyıq. Kimsə ona yenilik gətirirsə, onu qəbul edə bilmərik”.

M.Qurbanlı deyib ki, bu gün bütün dünyada dindən siyasi məqsədlər üçün istifadə olunur. Din yarandığı vaxtdan siyasətə müdaxilə etmək istəyir. Əgər din siyasətə çevrilirsə, dəyərini itirir və sadəcə bir alətə çevrilir.

O, bildirib ki, dinimiz mənəviyyatımızla bağlıdır. Biz onu başa düşərək onu gələcək nəsillərimizə ötürməliyik: “Sovet dövründə din xadimlərinin nüfuzu qəsdən aşağı salınıb. Onlar haqqında anormal düşüncə formalaşdırılıb”.

M.Qurbanlı deyib ki, bizim ölkəmizdə İslami dəyərlərimizə, onun nüvəsinə soxulmaq istəyənlər var. Onlara adətən radikal islami qruplar deyilir: “Bu qruplar kimlərdir? Hansı ad verilməsindən asılı olmayaraq, onların İslama heç bir dəxli yoxdur. Onları nə adlandırırsınız adlandırın, "Taliban", "Əl-Qaidə", "Haş-haşilər", vəhhabi, sələfi, xəvarici, dəvətçi və s. nə deyirsiz deyin, bunlar İslama aid olmayan məsələlərdir. Bunların İslama heç bir dəxli yoxdur. Onlar İslamı içəridən dağıtmağa, İslamı zəiflətməyə, İslam dinini gözdən salmağa yönəlmiş qruplardır”.

Komitə sədrinin fikrincə, bu qruplar beynəlxalq miqyasda gedən həm sivilizasiyalararası mübarizənin, həm beynəlxalq istisadi güc mərkəzləri arasında gedən mübarizənin, həm müəyyən mənada dinlərarası mübarizənin törəmələridir: “Bu törəmələr vasitəsilə, Azəbaycanda da, İslam dünyasında da qarşıdurma yaratmaq, qan tökmək, silahlı toqquşmalar edərək həmin ölkələrin inkişafını ləngitmək siyasətini yeridirlər. Çox təəssüf ki, o qrupların içində bilməzlikdən, nadanlıqdan onlara qatılan insanlar da var. Onların rəhbərliyində nə üçün, hansı məqsədlə yaradıldığını bilənlər də var. Çox təəssüf ki, Azərbaycanda da bu tipli qrupları yaymaq istəyənlər var”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR