Bakı, 13 iyul, Flora Şükürova, AZƏRTAC
Onun özünəməxsus sənət dünyası var. Fiziki cəhətdən səhhətində problemi olsa da yorulmaq bilmədən öz rəng dünyasını yaratmağa çalışır. Özü gəzə bilməsə də yaratdıqları ölkəmizin hər yerində, hətta bir sıra xarici ölkələrdə sərgilənir. Bir sözlə 22 yaşlı həmsöhbətim Ceyhun Ənvərzadə bütün həyatını sənətə, rəsmə bağlayıb. O, insanlarla rənglərin dilində danışır: "Rəsm çəkməyi çox sevirəm, rəsm çəkmək insanı sakitləşdirir, özünə qapanmadan uzaqlasdırır...".
Boş dayanmadığını daima axtarışda olduğunu söyləyən C.Ənvərzadə deyir ki, ən böyük arzusu Azərbaycanın gözəl guşələrin gəzib onu kətanda köçürərək dünyaya tanıtmaqdı.
Ə. Əzimzadə adına təsviri incəsənət kollecinin 4-cü kurs tələbəsi olan bu istedadlı rəssam dünya rəssamlarından bəhrələnməklə, öz sənət dünyasını yaratmağa çalışır. O deyir: "Daha çox peyzaj çəkməyi sevirəm, çünki canlı təbiət məni sakitləşdirir. Hazırda "Gənc rəssam Ceyhunun rəsm dünyası" adlı fərdi sərgi üzərində işləyirəm. İstəyirəm ki, bu sərgini il ərzində sənətsevərlərə təqdim edəm".



