Bakı, 14 iyul, AZƏRTAC
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar Səhiyyə Nazirliyində geniş toplantı keçirilib.
Nazirliyin struktur bölmələri, səhiyyə və tibb müəssisələri rəhbərlərinin iştirak etdikləri iclasda səhiyyə naziri Oqtay Şirəliyev
ölkə başçısının sosial-iqtisadi inkişafa maneçilik törədən məqamlara toxunduğunu vurğulayıb. Qeyd olunub ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.
Səhiyyə naziri Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirib: “Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb oldu. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb. Payıza kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. Bundan sonra vətəndaşlar dərmanları daha rahat şəkildə ala biləcəklər.”
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda əhaliyə dövlət tərəfindən verilən dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir çox işlərin görüldüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzi yaradılıb, vahid resept blankına keçid və dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələri tətbiq olunub. “Lakin müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə paylanılan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə yazdıqları reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhalinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır”,-deyə O.Şirəliyev bildirib.
Sonda nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.